355 500 произведений, 25 200 авторов.

Электронная библиотека книг » Akif Nagi » “QARABAĞ DÜNƏN, BU GÜN VƏ SABAH”-17 » Текст книги (страница 1)
“QARABAĞ DÜNƏN, BU GÜN VƏ SABAH”-17
  • Текст добавлен: 22 мая 2018, 17:00

Текст книги "“QARABAĞ DÜNƏN, BU GÜN VƏ SABAH”-17"


Автор книги: Akif Nagi


Жанры:

   

История

,

сообщить о нарушении

Текущая страница: 1 (всего у книги 23 страниц)

QARABAĞ AZADLIQ TƏŞKİLATI

“QARABAĞ DÜNƏN, BU GÜN VƏ

SABAH”

17-ci elmi-əməli konfransının

MATERİALLARI

KONFRANS AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN 100 İLLİYİNƏ HƏSR OLUNUR

BAKI-2018

Redaksiya heyəti: fəlsəfə elmləri doktoru Əli Abasov,

tarix elmləri doktoru Qasım Hacıyev,

tarix elmləri doktoru Kərim Şükürov,

tarix elmləri üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova,

iqtisadiyyat üzrə fəlsəfə doktoru Şamil Mehdi.

QAT (Qarabağ Azadlıq Təşkilatı). “Qarabağ dünən, bu gün və sabah” 17-ci elmi-əməli konfransının materialları toplusu.

Bakı, 2018, səh. ...

Buraxılış Azərbaycan-Ermənistan müharibəsi ilə əlaqədar 2018-ci il mayın 22-də keçirilən “Qarabağ dünən, bu gün və sabah” 17-ci elmi-əməli konfransının məruzə və çıxışlarının materiallarını əhatə edir.

This edition covers theses of lectures and speeches o scientific-practical conference “Karabakh yesterday, today and tomorrow”, which was held on May 22, 2018, concerning to settlement of Azerbaijan-Armenia war.

Redaksiyadan

Bu nəşrdə “Qarabağ dünən, bu gün və sabah” mövzusunda 17-ci elmi-əməli konfransının Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və onun birbaşa təcavüzü nəticəsində yaranmış Azərbaycan-Ermənistan müharibəsinin müxtəlif cəhətlərinə həsr olunan materialları toplanmışdır.

Qarabağ Azadlıq Təşkilatının təşəbbüsü ilə 2018-ci il 22 mayda Bakı şəhərində keçirilən bu konfransın da məqsədi Azərbaycan-Ermənistan münaqişəsinin yaranmasının kökləri və həlli perspektivləri haqqında beynəlxalq ictimaiyyəti məlumatlandırmaqdan, həmçinin taleyüklü problemə dair ədalətli və reallığa uyğun ümumi mövqe formalaşdırmaqdan ibarətdir.

From Editorial

These of reports of the 17th scientific– practical conference “Karabakh yesterday, today and tomorrow”, dedicated to Azerbaijan-Armenia war, arising from territorial claim and realizing aggression to Azerbaijan by Armenia? Were published in this edition.

This conference is held on initiative of Organization of Karabakh Liberation on May 22, 2018 has a goal to infrom international public opinion about the root of origin and perspectives of settlement of Azerbaijan-Armenia conflicte and also too form common, fair and real position on this vital problem.

От Редакцин

В этом опубликованы материалы докладов 17-ый научно-практической конференции “Карабах вчера, сегодня и завтра”, посвященной Азербайджано-армянской войне, возникшей в результате территориальных претензий Армении к Азербайджану и ее прямой агрессии.

Конференция, проводимая по инициативе Организации Освобождения Карабаха в городе Баку 22 мая 2018 года, преследует своей целью информирование международной общественности о корнях возникновения и перспективах разрешения Азербайджано-армянского конфликта, а также формирование общей, справедливой реалистичной позиции по этой жизненно важной проблеме.

Akif Na ğı

Dağlıq Qarabağ münaqişəsinin həllində

İslam Həmrəyliyi əsas amil kimi

İstənilən dövlətlərarası münaqişədə beynəlxalq amil, xarici güclər vacib rol oynayır. Əksər hallarda münaqişələr məhz bu amillərin təsiri altında meydana gəlir və onların iştirakı olmadan həllini tapa bilmir. Münaqişələr beynəlxalq güclərin marağı ilə yaranır və onların maraqlarına uyğun da həllini tapır. Bu güclərdən ədalətli mövqe gözləməyinə dəyməz, maraqların təmin olunmasını gözləmək lazım gəlir. Bu mənada Dağlıq Qarabağ münaqişəsi də istisna deyil. Və bu yanaşmanı səsləndirməkdə məqsədimiz bədbin əhval-ruhiyyə yaratmaq deyil, əksinə, reallığı bilib, düzgün qərarların çıxarılmasına yardımcı olmaqdan ibarətdir.

Biz burada diqqəti Dağlıq Qarabağ münaqişəsinin həlli üçün beynəlxalq, xarici amillərdən düzgün istifadə olunması imkanlarına yönəltmək istəyirik. Bu günə qədər beynəlxalq amil dedikdə BMT, ATƏT, bir az da Avropa Şurası və Avropa İttifaqının vasitəçilik imkanları, həmçinin ABŞ və Rusiyanın maraqları, iddialarının uzlaşdırılması mümkünlüyü nəzərdə tutulub, ümidlər məhz bu amillərin təsiri altında nəticə əldə olunacağına bağlanıb. Bu ümidlərin özünü doğrultmadığı göz önündədir. Beynəlxalq təşkilatlarla böyük güclər münaqişənin həlli üçün “səyləri”ni birləşdirdilər və nəticədə Minsk qrupu, sonra isə onu əvəz edən Minsk qrupu həmsədrləri institutu meydana gəldi. Beynəlxalq təşkilatlarla böyük güclərin ayrı-ayrı yanaşmalarını araşdırmağa ehtiyac qalmadı, bu məsələdə onlar tam yekdillik nümayiş etdirdilər, hətta barışmaz ziddiyyətlər içərisində çarpışan Rusiya ilə ABŞ Dağlıq Qarabağ münaqişəsinin dondurulmuş vəziyyətdə saxlanılması, yəni status-kvonun dəyişdirilməməsi, Azərbaycan torpaqlarının bir hissəsinin, Dağlıq Qarabağ və ətraf 7 rayonun Ermənistanın işağlı altında qalması beynəlxalq təşkilatların da, Rusiya və ABŞ-ın da maraqlarına cavab verir. Beynəlxalq təşkilatların maraqlarını nominal, formal maraqlar hesab etmək olar. Çünki bu qurumların özlərinin konkret marağı yoxdur, onlar müxtəlif situasiyalarda ABŞ və ya Rusiyanın maraqlarının daşıyıcıları kimi çıxış edirlər. Ona görə də hər şəraitdə Rusiya və ABŞ-ın maraqlarından və beynəlxalq qurumların görüntü-maraqlarından danışmaq daha düzgün olardı.

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud vəziyyət ABŞ və Rusiyanı tam qane edir, maraqlarına cavab verir. Çünki Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ və digər Azərbaycan ərazilərinə tam və real nəzarət Rusiyanın, şərti və nominal (istənilən vaxt reallığa keçə biləcək) nəzarət isə ABŞ-ın əlindədir. Hər iki ölkənin Ermənistana təsir imkanları güclüdür. İlk baxışdan Rusiya daha əlverişli mövqedə görünür. Amma ABŞ-ın təsir imkanları daha genişdir, sadəcə olaraq, həmin imkanları hələlik göstərmək və nümayiş etdirmək istəmirlər.

ABŞ və Rusiya yaranmış vəziyyətdən Azərbaycan, Türkiyə və İrana təsir etmək, xüsusilə də Azərbaycanı nəzarət altında saxlamaq üçün istifadə edirlər. Təbii ki, Dağlıq Qarabağ münaqişəsindən Yaxın Şərq oyunlarında da əlavə “kart” kimi istifadə olunur. Böyük dövlətlər, əsas oyunçular Yaxın Şərq “bazarlığı”nda Dağlıq Qarabağ məsələsindən də yararlanmağı çalışırlar.

Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli ilə bağlı islam həmrəyliyindən danışarkən iki əsas məsələyə aydınlıq gətirməliyik. Birincisi, müsəlman Azərbaycana qarşı xristian Ermənistanın təcavüzü nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsi dini qarşıdurma xarakteri daşıyır, yoxsa yox?! İkincisi, müsəlman ölkələri bu davada Azərbaycanın haqlı mövqeyini müdafiə edərkən islam həmrəyliyi, ümmət təşəbbüskeşliyi mövqeyindən, yoxsa konkret maraqlarından çıxış etməlidirlər?!

Birinci məsələ ilə bağlı qeyd etməliyik ki, dünyadakı bütün münaqişələr eyni vaxtda dini, etnik, siyasi və digər cəhətləri özündə birləşdirir, sırf “təmiz”, yalnız bir cəhəti özündə ehtiva edən münaqişə müşahidə olunmur. Bu baxımdan Dağlıq Qarabağ münaqişəsi də istisna təşkil etmir, bütün cəhətləri özündə əks etdirir. Dağlıq Qarabağ münaqişəsində bütün cəhətlərlə yanaşı dini aspekt özünü qabarıq şəkildə göstərir. Sirr deyil ki, Azərbaycana qarşı Ermənistanın təcavüzünə ideya rəhbərliyi erməni kilsəsi tərəfindən həyata keçirilir. Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində islam dininə məxsus hər şeyi, abidələri, məscidləri, qəbirstanlıqları xüsusi canfəşanlıqla məhv etməyə, islam izini itirməyə çalışır. Ermənistan rejimi bu münaqişədə insanları həm azərbaycanlı, həm də müsəlman olduqlarına görə xüsusi qəddarlıqla, kütləvi şəkildə qətlə yetirib və bu siyasəti davam etdirməkdədir. Aparıcı xristian dövlətlərinin bu günə qədər Ermənistanı müdafiə etməsi, işğalçı Ermənistana qarşı sanksiya və digər təzyiq formalarının tətbiq olunmaması da dini amillə bağlıdır.

İkinci məsələ ilə bağlı hər kəs bilməlidir ki, islam həmrəyliyi və ümmət təəssübkeşliyi hər bir müsəlman ölkəsinin maraqlarına xidmət edir. İslam dəyərlərinin qorunması üçün hər bir müsəlman ölkəsi məsuliyyət daşıyır. Hər il həcc ziyarətinə, digər müqəddəs yerlərə yığışan milyonlarla müsəlman hər hansı bir ölkədə, o cümlədən Azərbaycanda düşmən tapdağında qalan ibadətgahların fərqinə varmalıdır. Bölgədə müsəlman ölkəsinin güclənməsi təəssübkeşlərimizin hər birinin maraqlarına cavab verir. İslam dünyası ilə xristian dünyası arasında qarşıdurma xətti Qarabağdan keçir. Qarabağda ədalətli qələbə bütün müsəlman dünyasının təntənəsi olacaq. Qarabağda Ermənistan və onun xristian havadarları, daha doğrusu Ermənistan vasitəsilə siyasət yeridən xristian dövlətləri qalib gələr və möhkəmlənərlərsə, Yaxın Şərq, Mərkəzi Asiya və digər ərazilər üçün ciddi təhlükə mənbəyi yaranmış olacaq. Ona görə də, Qarabağda Azərbaycanın haqq işinə yardım edən hər bir müsəlman ölkəsi həm islam dünyasına, həm özünün konkret maraqlarına xidmət edir.

Aparıcı müsəlman ölkələrinin Fələstin məsələsi, Kəşmir problemi, Dağlıq Qarabağ münaqişəsi, son Qətər, Myanma və İraqdakı kürd böhranları ilə bağlı göstərdikləri dəstək islam həmrəyliyinə dair müsbət nümunə kimi göstərilə bilər. Lakin bu məsələlərin heç biri hələ də öz həllini tapmayıb. Bunun əsas səbəblərindən biri, ən başlıcası isə real islam həmrəyliyi modelinin tapılmamasındadır. İslam ölkələri real birliyə nail ola bilmir, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) qərarları deklarativ xarakter daşıyır. İslam ölkələri isə öz aralarındakı ziddiyyətlərdən xilas ola bilmirlər. Çox vaxt bu ziddiyyətlər heç bir ciddi əsasa söykənmir, daha çox dünyanı idarə etmək istəyən beynəlxalq güc mərkəzləri tərəfindən süni şəkildə yaradılır. Müsəlman dövlətləri isə bu ziddiyyətlərin girovuna çevrilirlər. Bu gün üçün aktual olan Suriya məsələsini misal gətirə bilərik. Aparıcı müsəlman ölkələri prosesin əvvəlində əks qütblərdə dayandılar. Əslində lap əvvəldən mövqelərini uzlaşdıra bilərdilər. Bu uzlaşdırma prosesi, təəssüf çox gec başladı, amma artıq öz müsbət nəticələrini verməkdədir. İraqda kürd separatçılarının qondarma “müstəqillik” oyunlarının qarşısını almaq üçün də islam həmrəyliyi həlledici rol oynayır.

Biz başa düşürük ki, dünyanı sərt şəkildə xristian və müsəlman düşərgələrinə bölmək olmaz. Bu, dünyanın özünü fəlakətə apara bilər. Biz bunu istəmirik, amma Qərb ideoloqları bu bölgünü artıq aparıb, liberalizm (oxu: xristianizm) və islam arasında ziddiyyətləri əsas mübarizə meydanı elan edib, “islam terrorizmi”nə qarşı mübarizə adı altında yeni səlib yürüşünə başlayıblar. Bu Qərb ideoloqları və siyasətçilərinin çox böyük yanlışlığıdır və yaxşı bir nəticəyə gətirib çıxarmayacaqdır. Biz bu qarşıdurmanın tərəfdarı deyilik, amma bu yürüşün qarşısında dayana bilmək üçün islam dünyasının güc mərkəzinə çevrilməsi vacibdir. Güc mərkəzinin formalaşması üçün isə bir və ya bir neçə lider ölkənin qəbul olunması vacib şərtdir. Hər bir ölkə bir və ya bir neçə ölkənin ətrafında birləşməyi ümumi maraqlar naminə özünə borc bilməlidir. Lider ölkə üçün əsas şərt siyasi, hərbi, iqtisadi güc və bir də müstəqil siyasət aparmaq göstəricisi olmalıdır. Xristian dünyası ABŞ, Almaniya və Rusiyanın bu liderliyini xoş, naxoş qəbul edir. Yerdə qalan dünya da onlara baxıb bu liderlərlə hesablaşmaq zorunda qalır. İslam dünyasında liderliyə Türkiyə, İran, Pakistan, İndoneziyanın parametrləri uyğun gəlir. Azərbaycan və Qazaxıstan da islam güc mərkəzinin yaranmasına ciddi töhfə verə bilərlər.

İslam dünyası özünün güc mərkəzinin formalaşmasına doğru getməli və paralel olaraq bu günkü vəziyyətində də bir çox problemlərin həllində öz iradəsini ortaya qoymalıdır. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı islam ölkələrinin ciddi və konkret dəstəyinə ehtiyac vardır. Bu günə qədər aparılan vasitəçilik missiyası heç bir nəticə vermədi. Çünki bu vasitəçilik xristian dövlətləri tərəfindən həyata keçirilib. Bu cür vasitəçilik missiyası bundan sonra da nəticə verməyəcək. Xristian dövlətləri münaqişənin ədalətli həllinə deyil, Ermənistanın istəklərinə uyğun “həlli”nə çaılışırlar. Bu, bir reallıqdır. Bu vəziyyətdən yeganə çıxış yolu müsəlman ölkələrinin real və konkret dəstəyi ola bilər. Biz, Qarabağ Azadlıq Təşkilatı olaraq, on ilə yaxındır ki, bu istiqamətdə təbliğat aparırıq. Türkiyə, Pakistan, Əfqanıstan, İndoneziya, Özbəkistan münaqişənin əvvəlindən işğalçı Ermənistana qarşı sərt mövqe tutublar. İran, Səudiyyə Ərəbistanı, Qazaxıstan müəyyən çərçivələr daxilində münaqişənin ədalətli həllinə çalışıblar. Digər müsəlman ölkələri də vaxtaşırı dəstəklərini verirlər. Lakin bunlar hələ ki öz effektiv nəticəsini verməyib. Biz Dağlıq Qarabağ münaqişəsinin həlli üçün hesab edirik ki, əvvəla, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) xüsusi toplantısını keçirməli, işğalçı Ermənistana qarşı diplomatik, iqtisadi, mədəni və digər sahələri ehtiva edən sanksiyalara dair qətnamə qəbul etməlidir. Hər bir müsəlman ölkəsi bu qətnamənin tələblərinə birmənalı şəkildə əməl etməlidir. İkincisi, hər bir müsəlman ölkəsi Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində Azərbaycana siyasi və hərbi dəstək verməyə hazır olduğunu bildirməli və mövqeyindən geri çəkilməməlidir. Üçüncüsü, hər bir müsəlman ölkəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər geniş şəkildə təbliğ olunmalı, müsbət ictimai rəy yaradılmalıdır. Biz Qərb ölkələrinin ədalətli mövqe tutacağına, Rusiyanın insafa gələcəyinə inanmırıq. Biz öz gücümüzə torpaqlarımızı işğaldan azad edə bilərik. Lakin Qərbin və Rusiyanın himayə etdiyi Ermənistana qarşı dəstəyə ehtiyacımız vardır. Bu dəstək isə yalnız islam ölkələrindən gələ bilər və inanırıq ki, bu dəstək hökmən gələcək.

Asya Əhmədova

Gözü yolda qalan kəndim

Mən uşaq olanda bizim bir kəndimiz vardı...

Uca dağları, gur şəlalələri olmasada,təpəsinə çıxanda ta Arazın o tayınacan ayaqların altında qalan dovşangüllü, dağçiçəyili, laləli, barbarislı hündür dərələri, süpürgəli, yovşanlı, çobanyatığılıalçaq təpələri, Kumqayası, Sarıtəpəsi, Yazidüzü, qırağ arxı, dəyirman arxı, qobusu, şirəsi, bol sulu Həkərsi və birdə kəndimizin olmazsa olmazı Günbəzi vardı. O hündür dərələrin ən hündür yerində bir sürüşkən daş vardı. Ən bahalı atraksionlar belə onu əvəz edə bilməzdi. Uşaq ayağı ilə nəfəsimiz kəsilə-kəsilə o daşın yanına qalxanda sevincdən uçardıq. Oynayıb, əylənib yorulanda dərənin dibindəki dərin çaylaqlardan qumlu saqqız yığa-yığa dönərdik evə...

O alçaq təpələrin alçaq yerində bir Xınadaşı vardı– lap Qaval daşı boyda. O daşın üstündə oturub əllərimizə xına yaxa-yaxa, evcik oynaya-oynaya böyüyərdik. Eləki, biraz böyüdük qırağ arxda palaz yuyar, kollardan böyürtkən dərər, Həkərinin şirin sulsrında acı qıcı yığardıq...

Mən uşaq olanda bizim bir evimiz vardı...

Günbəzdən biraz yuxarıda, çay daşlarından tikilmiş, üzü gündoğana, geniş həyətli, al-əlvan çiçəkli, bağ-bostanlı evimiz. Eyvanına gün döyərdi səhər açılanda. Hələ yazbaşı, meh əsəndə iydə çiçəyinin ətri qızılgül ətrinə qarışar, butnumuzu dalayardı.

Mən uşaq olanda bizim bir bağımız vardı...

Gul qoxulu, iydə ətirli bağımız. Heyvalı, narlı, ərikli, şaftalılı, fındıqlı bağımız. Gilənar ağacları ilə dövrələnmiş, tut ağaclarıyla sıralanmış bağımız. Çox sevərdim tutu. Yetişəndən savılanacan düşməzdim başından. “Tut ağacım, tut ağacım, de köksünə neçə çarpaz dağ çəkmişəm, neçə körpə budağını mən əzmişəm”. Bir də gilas ağacı – Krım gilas deyərdik ona. Mən o ağacı çox sevərdim. Bəlkədə inandırıcı deyil, bir vaxtlar camaat ev-eşiyi üçün ağlayanda mən o ağac üçün ağlamışdım... Bağımızda ağac çox idi, hər şey vardı, alçadan başqa. Alça Dədəmgildəydi.

Mən uşaq olanda Dədəmgil vardı...

Hər gün Dədəmgilə gedərdik. Çox uzaq deyildi Günbəzin düz yanında, yolun qırağında. İkimərtəbəli evin eyvanından əl atıb alma dərər, iki diş vurub bir-birimizə atardıq. Elə alçanıda dədəmgildə yeyərdik. Çiçəyi töküləndən yetişənəcən ağacdan əl çəkməzdik. Cibimizə duz doldurub oturardıq ağacın başında, dişlərimiz qamaşanacan aşağı düşməzdik. Arada nənəmin səsi gələrdi “Ay bala qoyun yetişsin sonra yeyərsiz, onsuzda hamısını siz yeyirsiz... ” biz də gülə-gülə cavab verirdik ki, “Ay nənə özün deyirsənki, hamısını biz yeyirik, səninçün nə fərqi”. Beləcə yazda alça, yayda alma, payızda nar yeməkdən doymazdıq.

Dədəmgilin bağlı-bağatlı həyətində bir guşə də vardı. Çiçəklərlə əhatələnmiş, nanə döşəməli, qızılgül ətirli bir bağça və bu bağçanın ortasında bir su quyusu. Suyu bumbuz. Qaçmaqdan, oynamaqdan yorulanda ağzımızı “şlanka” dirəyib dişlərimiz üşüyənəcən içərdik.

Məhlə uşaqları yığışıb ortada qaldı, yeddi şüşə, beşdaş və daha nə oyunlar oynayardıq... Nə günlər idi... Yox elə bilməyin ki, biz günlərimizi yeməklə, oynamaqla keçirərdik. Dərs də oxuyurduq, ev işlərinə də kömək edirdik – quzu otarırdiq, toyuqlara dən verirdik, tütün əkirdik, tütün yığırdıq, su daşıyırdiq, həyət süpürürdük və daha nələr, nələr. Hər şeyə də vaxt çatırdı. Bir də axı mən uşaq olanda günlər uzun idi.

Amma, mən uşaq olanda bu kəndi heç bəyənməzdim. Meşəsı, dağı, şəlaləsi yoxdu, işləri çoxdu deyərdim kəndimizin. Tez böyüyüb şəhərə getmək istəyərdim.

...Və bir gün fələyin çərxi döndü, böyüklü-kiçikli hamımız şəhərli olduq... O mahnıdakı kimi, “Öz qoynuna aldı bizi, bu buruqlar şəhəri”. Üzümüzdə təbəssüm dondu, ağzımızın dadı qaçdı... Daha uşaq deyildik, bir gündə böyümüşdük sanki. Uşaqlığımız xatirələrimizə qarışıb kənddə qalmışdı. Daha oyun oynamırdıq, indi oyunu həyat bizə oynayırdı. Kəndləri şəhərlər, evləri yataqxanalar, həyətləri küçələr əvəz edirdi. “Sən ey uşaqlıq, sən bizdən uzaq düşdün artıq, de səni yellər apardı, ya soyuq əllər apardı”. İndi həyat başqa idi. Indi kənd uşağı sözünü “opşijitel uşağı”, “qaşqın uşağı”sözü əvəz edirdi. İndi yataqxanalarda böyüyürdü uşaqlar. “Görmədik biz gül dəstəsi, görmədik biz oyuncaq”– bax bu isə əsl qaşqın uşağının həyatı idi. İndi nağıllar “biri vardı, beşi yox” deyə başlayırdı.

... Əslində hər şey çoxdan başlamışdı. Lakin, 1993-cü ilin avqustunda vəziyyət daha da ciddiləşdi. Amma təəssüfki, o vaxtlar mən kənddə deyildim. Ali məktəbə qəbul imtahanı üçün mayın sonlarında Bakiya gəlmiş, lakin imtahanların vaxtı uzadıldığı üçün geri dönə bilməmişdim. Şəhərə üz tutanda hardan biləydimki, birdə heçvaxt bu kəndə dönə bilməyəcəm. Və hardan biləydim ki, vaxt gələcək doğma kəndimə 25 illik həsrətimi ovutmaq üçün yaxınlarımın göz yaşları ilə anlatdıqları kəndin son günlərindən bəhs edən ağrılı-acılı heykayələri yazmaqla təsəlli tapacağam.

Kiçık bacımın danışır ki: “Axşamtərəfi idi, toran vurulmuşdu. Kəndə qəfildən bir uğultu düşdü. Sanki yarpaqlar da, güllər də uğuldayırdı. Bu uğultunu dillə ifadə etmək mümkün deyil. Hamı üzüaşağı yüyürməyə başladı. Hay düşdü ki, Ramazan ölüb. Anam da hamı kimi Ramazangilə tərəf qaçdı. Ramazangilin evi bizə çoxda yaxın deyildi. Ancaq səslər eşidilirdi. Hamı vəlvələyə düşmüşdü. O günə qədər heç kəs ermənidən qorxmurdu. Amma Ramazan ölmüşdü, yəni erməni Ramazan kimi oğulu öldümüşdüsə... Axı Ramazan deyirdiki, “Əzrayıl məndən qorxur”. Mamam yasdan qayıdanda dedi ki, Cəbrayılı alıblar. Amma Bakı yolunu bağlamayıblar. Çox həyəcanlı nə narahat idi. Sonra ürəyi getdi, hüşunu itirdi daha nə hallara düşdu. Qorxusu qızlarından idi. Bircə onu deyirdi ki, qızlarımı kənddən çıxarmalıyam. Xocalı təkrarlana bilər. Çünki yolu bağlasalar biz mühasirədə qalırdıq. Böyük bacım ikinci kursda oxuyurdu. Yay tətili üçün kəndə gəlmişdi. Biz topun-tüfəngin səsinə öyrəşmişdik, amma o şəhərdən təzə gəldiyi üçün atışma səslərinə öyrəşməmişdi, çox qorxurdu. Mamam bizə dedi ki, hazırlaşın dayın sizi şəhərə aparacaq, amma çantanı balaca tutun, maşında yer olmaz. Bacım ağlaya-ağlaya albomdan şəkilləri çıxarmağa başladı. Mən ona güldüm, o isə acıqlandı ki, tez ol paltarını yığ. Mən getmək istəmirdim, getməyəcəm deyirdim. O gecə kənddə heç kim yatmadı, hamı qorxu içində idi. Işıqların sönməsi camaatı daha da vahimələndirdi. Hər gələn səsə elə bilirdik ermənidi. Əslində ölümdən qorxmurduq. Mən neçə vaxt idi qardaşımın cəbhədən gətirdiyi qranatı gizlətmişdim. Fikirləşirdim ki, xəyallarımı həyata keçirmək vaxtıdır. Düşünürdüm ki, heçnə edə bilməsəmdə ən azından qranatla tankın altına girib bir erməni tankını məhv edərəm. Amma anamın həm o hallara düşməsi, həm də mənə qışqırıb acıqlanmağı, Xocalının təkrarlanması qorxusu, mənə daha çox etiraz etməyə imkan vermədi. Həm də baxdım ki, etirazımın faydası yoxdur. Maşına oturub kənddən çıxanda mən bilirdim ki, bu sondu. Yola çıxanda istədim qışqırıb dayıma deyəm ki, saxla düşüm, mən getmirəm. Amma demədim, dönüb qəbristanlığa baxdım... Ordan Bakiya neçə saatlıq yolu necə gəldiksə onu xatırlamıram, çünki bütün xəyalım kənddə qalmışdı. O gün kənddən ancaq qızları çıxarmışdılar, oğlan uşaqları, hətta analar da əksəriyyəti kişilərlə bərabər kənddə idi”.

Bəli o gün – avqustun 25-i kəndimiz ilk şəhidini qarşıladı. O günə qədər kəndimizin neçə igid oğlu döyüşlərdə yaralansada, sağalıb yenidən cəbhəyə qayıtmışdı. Amma Ramazan qayıda bilmədi. O gün, Mütəllim müəllimin sözləri ilə desək, “Ölümü öldürən oğul” ölümsüzlüyə qovuşdu. O gün – kəndimiz ilk şəhidi ilə qaralara boyandığı gün – elektirik işığı da həmişəlık kəsildi. O gün kəndimizin işıqlı günlərinin sonu, qaranlıq günlərinin başlanğıcı oldu.

Böyük bacımın deyir ki,

“Axşamüstü işıqlar sönmüşdü. Hava qaralmağa başlayanda qışqirıq və ağlaşma səsləri kəndi bürüdü. Hay düşdü ki, Ramazan ölüb. Çox ağır və dəhşətli gecə idi. Işiqlarin kəsilməsi gecənin dəhşətini daha da artırırdı. Qaranlıq gecədə kənd sanki ulayırdı. Mən çox qorxurdum. Bacım isə qorxmurdu. Silah səslərini sayırdı. Hamısını da səsindən tanıyırdı. 7 alazan, nə bilim neçəsə qrad və s. Gecə səhərə kimi üç evin arasında qaldıq – dədəmgil, əmimgil və biz. Saat 3-də əmimgilə getdim. Əmim qızı pərişan halda pilləkəndə oturmuşdu. Gecəni yatmadıq. Səhər 6-da evdən çıxdıq...

...Anam hazırlaşın, Bakıya, dayıngilə gedirsiz deyəndə elə bilirdim ki, biz gedəcəyik anam, atam və qardaşlarım burda öləcəklər. Anam gecə bizə son nəsihətlərini verdi. Dedi “belkə biz də gələrik, bəlkə də qismət olmaz bizi birdə görməzsiz. Böyük sənsən, bacıların sənə əmanət, bir-birinizdən muğayət olun, bir-birinizə həyan olun, ağılla-başla dayıngildə oturun, dayının sözündən çıxmayın”. Mən ağlayırdım elə bilirdim ki, onları birdaha görməyəcəyəm. Tələbə yataqxanasında tanış olduğum Xocalıdan olan iki bacı yadıma düşdü. Bütün ailə üzvləri Xocalıda ermənilər tərəfindən öldrülən bu qızlar deyirdi ki, ailəmizdən bizə bircə şəkil belə qalmayıb. Ağlaya-ağlaya albomdan bir-neçə şəkil çıxartdım. Paltarlarımı bir çantaya yığdım. Tələbə yoldaşlarıma söz verdiyim üçün iki gün əvvəl uşaqlarla Quru dərəyə qalxıb, meymungülü, solmazçiçəyı və başqa şəfalı bitkilər yığmışdım. Bir çantaya da bu çiçəkləri və iki kitab – Dəri xəstəlikləri ensiklopediyası və Sabirin “Hophopnamə”sini qoydum. 15 yaşlı kiçik bacım getməyəcəyəm deyə inad edir, heç paltarlarını da yığmırdı. Anam ona acqlandı və dedi ki, mütləq gedəcəksən. O, çarəsiz halda otağa keçdi və qardaşımın ona verdiyi hərbi formanı geyib qayıtdı. Sübh tezdən dayım bacımla məmi, iki körpə uşağıyla əmim qızıni, özünün 11 yaşlı qızını və 7 yaşlı kiçik oğlunu götürüb kənddən çıxdı. Yolda yadıma düşdü ki, tələbə yoldaşlarıma söz verdiyim dərman bitkiləri və sevimli kitablarım yadımdan çıxıb qalıb. Kənddə maddi olaraq qalanlardan ən çox təəssüfləndiyim o iki kitab və yığdığım çiçəklər oldu... Kənddən çıxıb Cəbrayıla doğru irəlilədikcə rastlaşdığımız mənzərə çox dəhşətli idi. Müharıbə və qaçqınlar barədə, köç edən insanlar barədə çox filmlərə baxmışam. Ancaq o yollarda gördüyüm və heç vaxt unutmadığım mənzərəni nə yerli, nə də xarici filimlərdə göctərilməyiblər. Baxdıqca sonu görünməyən insan və heyvan köçü, hamının əlində, belində bağlamalar. Heyvanların da üstünə yük yığmışdılar. Hətta itin də belinə yük bağlamışdılar. Camaat yollarda pərişan, yorğun, ətraf pintilik, qan içində ölüb qalan heyvan leşləri, minik maşınının yük yerindən başı görünən inək balası, yolun kənarlarında his basmış çaydanlarda çay qaynatmağa çalışan adamlar və s. Ətrafdakı mənzərənin ağırlığından dayımın halı pisləşirdi, maşını güclə idarə edirdi. Bir arada dayım dağın başındakı silahlıları gösrərib dedi ki, ermənilərdi, yəqin yolu özləri açıq saxlayıblar ki, camaat getsin. Çox sıxlıqdan irəliləmək mümkün olmurdu. Hər an atacaqlar, hücüm edəcəklər qorxusu ilə zərbənin haradan gələcəyini gözləyirdik. Həycan icində 4-5 saatlıq yolu 12 saata gəldik. Axşam saat 7-də Lökbatanda yaşayan dayımın evinə çatdıq. Böyük dayım bizi yerləşdirib sabah erkəndən geri qayitdi”.

Kəndimizin işığı Qubadlının Xanlıq kəndindəki elektrik yarımstansiyasından gəlirdi. Xanlıq kəndi ilə bizim aramızda 2 kənd vardı. Qubadlını ələ keçirməyə çalışan düşmən avqustun 25-də bu stansiyanı dağıtdığı üçün kənddə işıqlar kəsilmişdi. Cəbrayılın ardından avqustun 31-də Qubadlı da tamamilə işğal olundu. Artıq Zəngilan tək idi.

Bir həftə içində iki rayonu işğal edən ermənilər hiyləgərliklə düz iki ay Horadiz yolunu açiq saxladı ki, Zəngilan əhalisi erməni vahiməsindən, erməni xofundan qorxub, müqavimət göstərmədən qaçsın. Lakin belə olmadı. Iki ay lampa işığında oturub, ocaqda yemək bişirən əhalı televizorsuz, radiosuz, xəbərsiz çətin günlər keçirsədə kəndi tərk etməyi ağlına belə gətirmirdi. Əhalinin özxoşuna çıxmayacağını başa düşən erməni Horadiz yolunu bağlayaraq Zəngilanı mühasirəyə salır və güclü orduilə hücuma keçir. Zəngilan isə mərkəzdən kömək gözləyirdi. Kömək isə yalnız Arazın suyunu azaltmaq oldu. Tək çarə əhali çayı keçənə kimi yüngül silahlarla da olsa düşmənin döyüş texnikasının qarşısına çıxıb mübarizə aparmaq idi.

...O gün kəndə yayılan xəbər hamını məyus etmişdi. “Düşmən yaxınlaşır, güclü döyüşlər gedir. Əhali zərər görməsin deyə mal-qarasını yığıb Arazın sahilinə, İran sərhəddinə çəkilməli, ara sakitləşəndə yenidən evlərinə qayıtmalı idi”. Heç kəsin ağlına belə gəlmirdi ki, bu kənddəki son gündür.

Mən uşaq olanda bizim bir itimiz vardi – Qarabaş. Balaca küçük ikən bir coban vermişdi atama. Qəribə it idi Qarabaş. Hara getsək bizim yanımıza düşüb, bizi müşayət edər, gedəcəyimiz yerə çatanda geri dönərdi. Biz evə qayıdana kimi Qarabaş dəfələrlə getdiyimiz yerə baş çəkər, yenidən evə dönərdi. O qədər gedib-gələrdi ki, eyni vaxtda həm evə nəzarət etmiş olurdu, həm də biz geri dönəndə bizimlə birlikdə qayidardı. Çox vəfalı it idi Qarabaş. Son vəfasını da kənddən çıxmamaqla göstərdi. Biz qoyub gəlsəkdə o, yenə evimizi qorumaq üçün evə döndü...

Kənddən çıxanda qardaşım mal-qara ilə bərabər Qarabaşı da özü ilə götürür. Lakin vəfalı it Günbəzin yanına çatanda sanki geri dönüşün olmadığını başa düşüb qayıdır. Qardaşım nə qədər çalışsada, nə qədər səsləsədə Qarabaşı geri qaytara bilmir. Qarabaş uzaqlaşıb dayanır, qardaşım gözdən itənəcən arxasınca uzun-uzadı baxır və ilk dəfə olaraq qardaşımı və mal-qaranı tək buraxıb evə dönür.

Anamın xatırladıqlarından: “Oktyabrın 25-i idi. Kişidə, oğlumda işə getmişdi. Məndə sacda yuxa bişirirdim. Əvvəl qardaşım xəbər gətirdi ki, mühasirədəyik. Erməni Horadiz yolunu bağlayaraq hücuma keçib. Ağır döyüş gedir, düşmənin qarşısını almaq çətin olacaq. Tezliklə kəndə çatacaqlar. Əhali əsir düşməmək üçün Araz sahilinə çəkilir. Sonra böyük oğlum işdən qayıtdı. Dedi camaat kənddən çıxır sən hələ çörək bişirirsən. Qalan gündələri birləşdirib fətir bişirdim. Kişi də gec gəldi. Heyvanlara ot biçməyə gedibmiş. Bir neçə dəst yorğan-döşək və bir neçə zəruri əşyalar maşına yükləyib Araza tərəf getdik. Böyük oğlum da məhəllənin kişiləri ilə bərabər mal-qaranı Araza tərəf sürdü. Evdən çıxanda saat beş olardı. Toyuq-cücələri, ördək və qazları yerinə yığıb dən verdim. Hinin qapısını azca aralı qoydum ki, gec qayıtsaq, ya da heç qayıtmasaq içəridə ac-susuz qalmasınlar. Qabdakı dəni də aşırıb yerə tökdüm. Evdən çıxarkən düşünürdüm ki, bir-iki gün Araz sahilində qalıb, ara sakitləşəndə geri dönəcəyik. Ona görə də çay qaynatmaq üçün samavar, çörək, pendir, yağ və bir də qazan götürdüm ki, bəlkə Arazın qırağında ocaqda yemək bişirərik... Bütün kəndlər Araza üz tutmuşdu. Axşam Mincivan körpüsünün yaninda qaldiq. 26-sı axşamüstü Muğanlı kəndi istiqamətindən Arazı keçdik. Dörd gün Arazın o tayında çayboyu səhərdən-axşamacan gəzdim. Döyüşdə olan kiçik qardaşımdan və oğlumdan xəbər yox idi. Onları axtarırdım. İrandan baxırdıq – kənd yanırdı. Dörd gün o taydan od içində yanan kəndə baxdıq. Kəndlə bərabər içim də yanırdı. Amma baxıb şükür edirdim ki, o odun içində deyilik, sağıq, gedib övladlarımıza sahib çıxa biləcəyik. Oktyabrın 29-da meşəətəyi və dağətəyi kəndlər də Arazı keçdi. Beşinci gün – oktyabrın 30-da ən son Şabanovun dəstəsi Arazı keçdi. Şükür ki, oğlum da, qardaşım da sağ idi. Allaha şükür etməkdən başqa əlimizdən nə gəlirdi ki? Dörd gündür yanan kəndin boğuq tüstüsü qalxırdı. O tüstüyə baxa-baxa oradan uzaqlaşdıq.”

Qardaşım deyir ki, erməni kəndə girəndə birinci mərmini məktəb binasına, ikinci mərmini isə XIII əsrdə bəri kəndimizin atributuna çevrilən Günbəzə atdı. Çünki, uzaqdan kəndə baxanda ən çox diqqət çəkən onlar idi.

...Mən şəhər həyatına çaşqın hislərlə başlamışdım. Sevincim kədərimə qarışmışdı. Ailəm yurd-yuvamızı tərk edib Arazı keçəndə mən tələbə olmuşdum. Kədərli olsamda sevinməyə səbəb vardı, ən böyük arzuma çatmışdım, amma ürəkdən sevinə bilmirdim. Kədərim böyük idi, ya sevincim anlaya bilmirdim. Qarşıda çətinliklər olduğunu düşününcə birazda qorxurdum.

Qaçqınlığın ilk günlərində qəribə bir hiss yaşadım. Məskunlaşdığımız otaqda tək oturmuşdum. Birdən mənə elə gəldi ki, evimizdə qoyub gəldiyimiz mebellər canlıdırlar. Bağımızdakı gilas ağacı və ev əşyalarımız sanki onları atıb gəlmişik deyə bizi qınayırlar, vəfasızlıqda günahlandırırlar və bizdən küsüblər. Elə bil hər şey dilə gəlib deyirdi ki, biz ömrümüz boyu sizə xidmət etmişik, amma siz bizi atıb getdiz. Mənə elə gəlirdi ki, hər şey gerçəkdir və mən onu hiss edirəm. Hiss etdikcədə göz yaşlarımı saxlaya bilmirdim. Heç vaxt unutmadığım və yəqinki, ömrümün sonuna kimi unutmayacağım bu hissi izah etməkdə aciz qalmışdım.

Hisslərimi, düşüncələrimi gizlədən biri idim. Suallar beynimi yorurdu. Özümü toplayıb, mənə rahatlıq verməyən “nə edəcəyik?” sualı ilə anama müraciət etdiyimdə əmin bir səslə ”Camaat necə, bizdə elə” – dedi. Nə zəhmətlərlə tikib-qurduğu evini, əkib-becərdiyi həyət-bacasını qoyub gələn, bir həftə Arazın o tayında çay boyu yuxarı-aşağı gəzərək döyüşçü oğlundan, qardaşından xəbərar arayan anamın cavabı məni həm təəccübləndirdi, həm də “çiynimdən yük götürüldü” ifadəsinin sadəcə söz olmadıgını, gerçək yaşatısını hiss etdirdi. Bəkə özudə bilmədən məni ayağa qaldırmışdı anam. Öz-özümə “ana gücü”, “ana dayağı” bu imiş dedim. Bir neçə aydan sonra isə yaylığı başından sürüşmüş 44 yaşlı anamın ağarmış saçlarını görındə sanki məni ildırım vurdu. Mənə elə gəldi ki, o saçlar bir gecədə ağarmışdı. Göz yaşlarımı gizlətmək üçün tez eyvana çıxdım. O an başa düşdüm ki, əslində anam nə qədər dərd çəkir. O sozləridə məni ümüdsüzlükdən qorumaq üçün deyirmiş.Yaşamış olduğum bu iki hissi deyəsən mən heç vaxt unutmayacağam.


    Ваша оценка произведения:

Популярные книги за неделю