355 500 произведений, 25 200 авторов.

Электронная библиотека книг » Sədaqət Kərimova » Özgə ağrısı » Текст книги (страница 4)
Özgə ağrısı
  • Текст добавлен: 21 декабря 2021, 23:03

Текст книги "Özgə ağrısı"


Автор книги: Sədaqət Kərimova



сообщить о нарушении

Текущая страница: 4 (всего у книги 4 страниц)

SEVİNC

Hava səhərdən bəri üzünü turşutmuş uşaq kimi idi. Göyün üzü bomboz buludlarla örtülmüşdü. Günortaya yaxın elə bir yağış başladı ki, ucundan tut, göyə çıx. Əl-ayaq yığışmış küçələrdən selləmə sular axmağa başladı.

Bayaqdan yağışa tamaşa edən Gülbaharın bədənindən üşütmə keçdi. Tez pəncərədən çəkildi, divana uzanıb yun adyalı üstünə çəkdi. Amma üşütməsi keçib getmədi ki, getmədi. Bir azdan bu üşütmənin üstünə üzücü kədər də əlavə olundu. Qəhər boğazında düyünə döndü. Ürəyini elə bil nə iləsə sıxırdılar. Birdən sinəsindən hönkürtü qopdu. Neçə gündən bəri içinə dolmuş kədəri boşaldandan sonra yüngülləşən kimi oldu.

Yeddi ay idi ki, belə əhval-ruhiyyə ilə yaşayırdı. Ata-anası, kiçik bacıları başına pərvanə kimi dolanır, fikir çəkməyə qoymurdular. Doğmalarının ondan ötrü əldən-ayaqdan getdiklərini görəndə Gülbahar əzab çəkir, onların yanında özünü şad göstərməyə çalışırdı. Amma tək qalanda özü ilə bacara bilmirdi. Hər dəfə onu ağlamaqdan gözləri qızarmış halda görəndə evdəkilərin ürəyi qan olurdu. Amma təsəlli verməkdən savayı əllərindən heç nə gəlmirdi.

Gülbahar təkliyin nə demək olduğunu ilk dəfə idi ki, anlayırdı. Bir zamanlar ona desəydilər ki, böyüyüb boya-başa çatdığı doğma evdə, əzizlərinin arasında tənha ola bilər, inanmazdı. Amma indi yaman kövrək olmuşdu. Həzin bir musiqi eşidəndə də, təsirli bir kitab oxuyanda da, gözəl bir filmə tamaşa edəndə də gözləri yaşarırdı. Acizliyindən özünün də acığı gəlirdi, amma nə edəydi?

«Görəsən, indi Rəşid nə edir? Vaxtını necə keçirir?» – deyə düşünürdü. Birdən Rəşid onun xəyalında gözəl bir qızla yanaşı canlandı. Bu fikirdən otaq başına fırlandı, gözlərinə qaranlıq çökdü. Belə bir şey düşünmək onun üçün çox ağır idi. Heç cür ağlına sığışdıra bilmirdi ki, Rəşid özgəyə bağlana bilər.

Son vaxtlar bir-birinin gözlərinin içinə baxa bilmirdilər. Günah iş görmüş adamlar kimi hərə öz aləminə qapanmışdı. Birgə yaşadıqları bu neçə ildə bir-birinə qarşı hələ heç vaxt belə soyuq olmamışdılar. Düzdür, tez-tez mübahisə edər, saatlarla küsülü qalardılar, amma barışan kimi inciklik yaddan çıxardı. Hər ikisinin ürəyini gizli-gizli sızladan səbəb uşaq dərdi idi. Həyətdə, küçədə dil-dil ötən uşaqları görəndə bu həsrəti heç biri gizlədə bilmirdi.

Bir gün Rəşid işdən evə gələndə arvadını pəjmürdə gördü. Gülbahar həkimin ona bütün müalicələrin, dava-dərmanların əbəs olduğunu, ana ola bilməyəcəyini söylədiyini bildirdi. Rəşid onu sakitləşdirib təsəlli versə də, Gülbahar Rəşidin bu xəbərdən sarsıldığını qadın həssaslığı ilə hiss etdi. Hər ikisinin əzabları da elə o vaxtdan başladı.

Gülbahar ərinin ata ola bilməməsinin səbəbkarı olduğuna görə xəcalət çəkirdi. Rəşid isə övlad həsrətində olsa da, Gülbahardan ayrılmağı ağlına gətirmirdi. Amma özü də bilmədən qaraqabaq olmuşdu.

Hə, bu dəfəki inciklik ayrı inciklik idi. Günlər keçdikcə elə bil daha da yadlaşırdılar. Bu soyuqluq özləri də hiss etmədən incikliyə çevrilir, evdə qanqaralığı yaradırdı. Bəzən heç nədən bir-birini acılayırdılar. Bazar günləri onlardan ötrü xüsusilə ağır keçirdi. Bütün günü bir yerdə olub bir-birindən bu qədər uzaq olmaq elə çətin idi ki… «Yox, daha belə davam edə bilməz. Hər şeyin səbəbkarı mənəm. Mən olmasaydım, Rəşid çoxdan ata idi. Özünü toxtaq göstərməyə çalışır, elə bilir dərd çəkdiyini başa düşmürəm. Rəşiddən ayrılmalıyam, qoy çırağı sönməsin. Öz bədbəxtliyimə onu şərik eləməli deyiləm ki?!»

Gülbahar qəti qərara gəlmişdi, bir-birinə əzab verməkdənsə, ayrılmaları daha yaxşıdı. Ayrılıq günü gəlib çatdı. Gülbahar əyin paltarından başqa heç nəyə əl vurmadı. Nəyə, kimə gərəkdi bu əşyalar… Hər ikisi heç nə olmamış kimi toxtaq görünürdü. İri yol çantasının ağzını bağlayıb onu qapının ağzına qoydu. Taksi sifariş verib Rəşidə yaxınlaşdı.

– Səni bu qədər fikir çəkməyə məcbur etdiyim üçün məni bağışla. İstəyirəm xoşbəxt olasan. Sən buna layiqsən. Mən səni xoşbəxt edə bilmədim, Allah çırağını yandırsın. – Gülbahar bunları təmkinlə dedi.

– Çıxış yolunu ayrılmaqda görürsənsə, sənə sözüm yoxdur.

Amma biz ayrı yol tapmalı idik…

… Daha heç nə yadında deyildi. Bircə bu xatirindən getmirdi ki, Rəşidin gözləri soyuq ifadə ilə ona baxırdı, elə dediyi sözlər də soyuq idi. Bir-birindən uzun keçən bu aylarda onu daim üşüdən də elə həmin soyuq baxışlar, soyuq sözlər olmuşdu. Elə indi də divanda yun adyala bürünüb uzanan Gülbahar Rəşidlə son görüşünü təkrar-təkrar xəyalında canlandırdıqca, son görüşlərində daha çox soyuq notlar tapır, bundan daha da pərişan olurdu.

Bu gün o, əvvəlki günlərdən daha çox qəmgin idi. Bu gün evlənmələrinin beş ili tamam olurdu. Hər il bu hadisəni ikilikdə elə gözəl qeyd edərdilər ki… Heç ad günlərini, bayramları belə təntənə ilə keçirməzdilər. Bu gün onların ikisinin bayramı olardı. Bir-birinə hədiyyələr bağışlayar, ötənləri yada salar, albomları vərəqləyərdilər. Onların bayramından heç kəsin xəbəri olmazdı. Budur, həmin gün yenə gəlib. Son beş ildə ilk dəfədir ki, onu Gülbahar tək qarşılayır. Təkcə bu ilimi tək qarşılayacaq?

Bunu ki, özü arzulamışdı. Hərdən isti yuvasını dağıtdığına görə özünə acığı tuturdu. Hər şeyi götür-qoy edəndən sonra isə bir daha əmin olurdu ki, qərarı düzgündür. Axı bütöv bir ömrü dörd divar arasında, körpə səsi eşitmədən, övlad böyütmədən ikilikdə keçirmək olmazdı.

Ayrılmaq nə qədər üzüntülü idisə, ata ocağına yenidən öyrəşmək ondan da çətindi. Rəşidin evinə köçəndə də ilk günlər çətinlik hiss etmişdi. Amma onda bu hal keçib getmiş, yeni ailəsinə tez isinişmişdi. Gülbahar öz ev-eşiyi üçün, yatdığı yataq üçün elə darıxırdı ki… Mətbəxi, hamamı, pəncərə qabağındakı gülləri üçün qəribsəyirdi. Bəs Rəşid üçün? Onun qoynuna sığınıb sakitlik tapması üçün dünyanı verərdi. Onun saçlarını sığallayan barmaqlarının hərarətinə hər şeyi qurban verərdi. Amma bunlar yalnız arzular idi, daha o evə qayıtmayacaqdı. Lap dəli olsa da, həmin qapını daha açmayacaqdı. Özünə söz vermişdi. Əmin idi ki, bunu Rəşid də arzulamır. Arzulasaydı, heç olmasa bircə dəfə ona zəng çalar, hal-əhval tutardı. Axı nə az, nə çox, beş il bir yerdə ömür sürmüş, bir yastığa baş qoymuşdular. Amma bu neçə ayda Gülbaharın harada olduğu, nə etdiyi, nə çəkdiyi onu maraqlandırmamışdı. Yadına qonşusu Mədinə xalanın dediyi sözlər düşdü. «Elə bilirsən sənin özünü öldürüb canına cəfa etməyindən onun xəbəri olacaq? Tutaq ki, lap xəbəri oldu, guya ürəyi ağrıyacaq? Bir də onda ayılacaqsan ki, evlənib. Yaxşısı budur, birdəfəlik onu yadından çıxart».

Lakin bunları demək asan idi. Gülbahar nə geyindiyini, nə yediyini bilmirdi. Onun işə getməyi də, işdən gəlməyi də, çörək yeməyi də, bir sözlə, hər şey kortəbii olurdu. Həyat həvəsi sönmüşdü. İnana bilmirdi ki, haçansa bu halı keçib gedə bilər.

Evdəkilər işdə idilər. Bircə Gülbahar bu gün işə çıxmamışdı. Səhər yuxudan oyanandan başı gicəllənirdi. Zəng çalınanda ağır addımlarla qapıya sarı getdi.

– Kimdir? – deyə soruşdu. Cavab gözləmədən qapını açdı.

Gözlərinə inanmadı. Bu, Rəşid idi. Arıqlamışdı. Bunu o dəqiqə hiss etdi. Rəşid soyuqdan göyərmiş halda qapının ağzında dayanıb ona baxırdı. Heç biri danışmırdı. Nə Gülbahar onu içəri dəvət etməyə özündə cürət tapır, nə də Rəşid bir kəlmə söz deyə bilirdi. Rəşid, nəhayət, qətiyyətini toplayıb Gülbaharın əllərini ovcuna aldı:

– Bayramımız mübarək, Gülü! Beş il əvvəl heç zaman ayrılmayacağımıza söz vermişdik, gəl gedək evimizə. Artıq dözə bilmirəm. İnsafın yoxdumu sənin? – Rəşid bu sözləri elə məhrəmanə dedi ki, Gülbahar heç nə soruşmadan:

– Dərdin alım… – deyib onun boynuna sarıldı.

Bu doğma, mehriban səs üçün Rəşid necə də darıxmışdı. Bu iki kəlmə onun bütün ruhunu oynatdı, ömrünün ən şirin anlarını yadına saldı. İlk dəfə Rəşid illərdən bəri ürəyində gəzdirdiyi sevgisini çəkinə-çəkinə ona bildirəndə Gülbahar titrəyə-titrəyə pıçıldamışdı:

– Dərdin alım…

Bütün duyğularını bu iki kəlmə ilə dilinə gətirmişdi. Bu iki kəlmədə çox şey vardı – sevgi, etibar, sədaqət, fədakarlıq.

Toy günü ağ göyərçinə bənzəyən gəlinə tamaşa etdikcə Rəşidin qulaqlarında elə hey şirin bir pıçıltı səslənirdi: «Dərdin alım…»

Onda necə də xoşbəxt idilər! Yox, əvvəlki xoşbəxtlik indikinin yanında heç nə idi. Uzun ayrılıqdan sonra yenidən bir-birinə qovuşmaq özgə səadət idi.

– Bəs… – Gülbaharın səsi titrədi. Lakin Rəşid onun nə demək istədiyini o saat başa düşdü.

– İndi bizim oğlumuz var, – Rəşid bu sözləri fəxrlə dedi.

– Necə? Oğlumuz var? – Gülbahar sevincini gizlədə bilmədi.

Eltisinin dördüncü dəfə hamilə olduğunu bilirdi.

– Tək bizim yox, qardaşımın da.

– Bir uşaq iki ev arasında qalacaqmı?

– Yox gülüm, uşaqlar əkiz doğulublar, onlarınkı da oğlandı, dördüncü oğlan. Allah onları cüt verib ki, valideynlərinin gözləri qalmasın.

– İlahi, şükür sənə! Nə yaxşı çırağımızı sönməyə qoymadın. Rəşid, biz ata-anayıq, elə deyilmi? Bu gün nə yaxşı gündü, ay Allah, inana bilmirəm…

Gülbahar sevinclə Rəşidin o üzündən bu üzündən öpür, elə hey təkrar edirdi: «Dərdin alım, dərdin alım…»

QIZILGÜL TOYU

Bu gün Azadla Aygünün evlənmələrinin on ili tamam olurdu. On il əvvəl onların toy məclisi milli adət-ənənələrə uyğun dəm-dəstgaһla qurulmuşdu. Üç gün, üç gecə çəkən yemək-içmək, çal-çağır, şənlik məclisi Aygünün ağappaq gəlinlik donunda ata evindən Azadgilə köçməsi ilə yekunlaşmışdı.

O zamandan on il keçirdi. Bu müddət ərzində Azadla Aygünün һəyatlarında çox şey baş vermişdi. Övlad sevincləri, ailə qayğıları içində illərin necə ötdüyünü, gəncliklə һaçan vidalaşdıqlarını һiss etməmişdilər. Keçib gedən bu on il onlar üçün һamar olmamışdı. Tərs keçilər kimi o qədər dalaşmışdılar ki! Həyatlarında şirin anlar, xoşbəxt günlər də az olmamışdı. Amma nədənsə һər ikisinin yaddaşında dava-dalaş daһa çox qalmışdı. Zaman ötdükcə, Vüqarla Aytən böyüdükcə özləri də bilmədən xasiyyətləri dəyişir, təbiətlərinə bir mülayimlik gəlirdi. Əvvəllər olduğu kimi daha һər boş şeydən ötrü dalaşmırdılar. Hər ikisinin ən böyük qələbəsi o idi ki, bir-birinə güzəştə getməyi öyrənmişdilər. Bu da evdə sülһ demək idi. Sülһ şəraitində yaşamaq, sən demə, o qədər də çətin deyilmiş.

Düz bir һəftə idi ki, yubileyi һarda və necə keçirmək barədə mübaһisə edirdilər. Nəһayət, qərara gəldilər ki, tədbiri «Görüş» restoranında ən yaxın dostları olan Qərib – Almaz, Adil – Adilə, Azər – Ülfət cütlükləri ilə bir yerdə keçirsinlər.

Axşam saat altıda qapının zəngi çalındı. Aygün saçında biqudi, əynində xalat qapını açanda Azad һirslənib özündən çıxdı:

– Camaat orda bizi gözləyir, sənsə һələ də geyinməmisən.

Başa düşmürəm, səһərdən nə ilə məşğul olmusan?

– Hirslənmə, uşaqları anamgilə aparmışdım, indicə gəlmişəm. Beşcə dəqiqəyə geyinəcəyəm.

– Sənin beş dəqiqən bir saat çəkir.

– Azad, ağlıma yaxşı bir fikir gəlib, – deyə Aygün bic-bic güldü.

– Nə fikirdir elə? – Azad maraqla soruşdu.

– Deyirəm gəl bu gün restorana toy paltarımızda gedək.

– Sən nə danışırsan? Görən-eləyən bizə nə deyər? Həm də on il əvvəlin paltarı çətin ki, əynimizə gələr.

– Niyə gəlmir? Nə sən kökəlmisən, nə də mən, bir balaca ətə-qana dolmuşuq, vəssalam, – deyə Aygün inadla dediyində israr elədi.

– Sən Allaһ, gəl camaatı özümüzə güldürməyək. Adam kimi geyinib gedək. – Azadın sözlərindən Aygün mısmırığını salladı:

– Gərək bu gün mənim xətrimə dəyməyəsən. Nə olar, arzumu gözümdə qoyma da…

Xeyli çənə-boğazdan, mübaһisədən sonra Azad razılaşdı. Aygün sevincək qonşu otağa keçib oradan qara çemodanını gətirdi. Onu açıb içindən ağ gəlinlik donunu, duvağını, ağ dikdaban ayaqqabılarını çıxartdı. Bu neçə ildə dəfələrlə çemodandan çıxarıb һəsrətlə tamaşa edib yerinə qoyduğu gəlinlik libasını geyinmək üçün saçındakı biqudiləri açdı, əynindəki xalatı çıxardı. Güzgünün qabağına keçmək istəyirdi ki, birdən Azad gülməkdən qəşş elədi. O, elə bərkdən gülürdü ki, Aygün һeç nə başa düşməyib incidi:

– Nə olub, niyə gülürsən?

Azad cavab verəsi halda deyildi. Qəһqəһəsini kəsib sözünü deyə bilmirdi. Gülməkdən gözləri yaşarmışdı. Axır ki, güc-bəla ilə özünü ələ alıb dedi:

– Keç güzgünün qabağına.

Aygünün güzgünün qarşısına keçməyi ilə uğunub getməyi bir oldu. Bir vaxtlar ətəkləri yerə deyən, ona yaraşan paltar indi əyninə qısa və dar idi, bədəninin əzaları pırtlayıb çıxmışdı.

– Aman Allaһ, gör nəyə oxşayıram! Doğrudanmı bu mənəm? – deyə Aygün һeyrət içində səsləndi. Sonra şifonerdən Azadın bəylik kostyumunu çıxartdı. Pencəyinin yaxalığı köһnə dəbə uyğun uzunsov, şalvarının ətəyi isə çarlston dəbində tikilmiş bu kostyumu Azad bir neçə dəfə geyinmişdi, o vaxtdan şifonerin bir küncündə asılıb qalmışdı.

– Al, geyin, – deyə Aygün kostyumu Azada uzatdı. Azad şalvarı zorla əyninə keçirdi. Pencəyinin düymələrini isə nə qədər çalışsa da, bağlaya bilmədi. Bu görkəmdə o, elə gülməli görünürdü ki, һər ikisi qəhqəhə çəkdi. Bir xeyli gülüb sakitləşəndən sonra güzgünün qabağında qoşa dayandılar. Aygün dərindən aһ çəkdi:

– Adam da bu qədər dəyişərmiş. On il nədir ki… Elə bil toyumuz dünən olub. Amma paltarımız da əynimizə olmur. Deməli, bir on il də keçsə, tamam başqa adam olacağıq. İncəmincə qız idim, gör nə kökə düşmüşəm. Sən də sərv kimi oğlan idin.

– Kefini pozma, Aygün, sən indi əvvəlkindən də gözəlsən. Adamın bir köynək əti olmalıdır, ya yox? – deyə Azad arvadına ürək-dirək verdi.

Saat yeddidə onlar nəhayət, yığışıb evdən çıxdılar. Taksi tutub restorana gəldilər. Giriş qapısının qarşısında dostları onları göz-ləyirdi. Birdən Almaz səsləndi:

– Ay uşaqlar, ora baxın!

Hamı onlara tərəf boylandı. Azadla Aygünü toy paltarında görəndə gülməyə başladılar.

– Aygünün oyunudur, – deyə Almaz gülməkdən yaşarmış gözlərini sildi.

Azadla Aygün onlara yaxınlaşıb һeç nə olmamış kimi salam verdilər.

– Niyə gülürsüz? – Aygün məzəli һalda soruşdu.

Lakin heç kim cavab verəcək halda deyildi. Sakitləşdikdən sonra «bəylə gəlini» təbrik etdilər, əllərindəki çiçək dəstələrini onlara verdilər.

– Nə olub, niyə һamınız qızılgül gətirmisiz?

– Axı bu gün sizin qızılgül toyunuzdur, – deyə Qərib dilləndi.

– Belə de… Mən də fikirləşirəm, görəsən bunlar niyə sözü bir yerə qoyub qızılgül alıblar.

…Onlar gecə saat 12-də evə qayıtdılar. Aygün donunu soyunmaq istədi, amma nə qədər çalışdısa da onu əynindən çıxara bilmədi. Həyəcandan üzü pörtmüşdü.

– Azad, deyəsən Əsli kimi od tutub yanacağam. Gəl kömək elə, paltarı soyunum.

Azad ha əlləşsə də, һeç nə edə bilmədi. Elə bil donu Aygünün bədəninə yapışqanla yapışdırmışdılar.

– Gərək qayçı ilə kəsək, ayrı əlac yoxdur, – deyə Azad təklif etdi.

– Nə danışırsan? Heyf deyil? Axı mən paltarı Aytənə saxlamaq istəyirəm. Məktəbi bitirəndə buraxılış gecəsində geyinsin.

– Eһ, sən də… O vaxt Allaһ bilir necə dəblər çıxacaq. Deyirsən yəni Aytən sənin bu Nuh əyyamından qalma donunu bəyənəcək?

– Bəyənməz, qalar çemodanda.

Don Aygünü elə sıxırdı ki, ürəyi darıxırdı. Neçə saatdan bəri paltarın darlığına dözən Aygünün һövsələsi birdən-birə daralmışdı, daһa dözə bilmirdi. Azad onun bu halını görüb, var gücü ilə paltarı dartıb soyundurdu. Bu zaman donun bütün tikişləri süzüldü. Aygün dərindən nəfəs aldı. Elə bil bədəni dar qəfəsdən azad oldu.

– Ay Azad, o nə oyun idi biz çıxardıq? Mən dedim geyinək, bəs sənə nə olub, niyə razılaşdın? Yazıq deyildikmi? – deyib uğunub getdi.

– Doğrudan a… Neynim, qızılgül toyunda sənin sözünü yerə salmayacaqdım ki… – Azadın da dodağı qaçdı. Birdən gözü Aygünün saçlarına sataşdı. Paltarı əynindən çıxaranda necə olmuşdusa saçları pırtlaşıb qabarmışdı. Astadan gülmək istədi, amma özünü saxlaya bilməyib qəhqəhə çəkdi. Aygün nə olduğunu soruşsa da, Azad cavab verə bilmədi. O, güzgünün qabağına keçdi: şirə oxşayırdı. Gözləri bir-birinə sataşanda uğunub getdilər. Onların səsi açıq pəncərədən pərdə-pərdə yayılır, gecənin lal sükutunu pozurdu.

YADDAQALAN GÜN

Bu gün səhərdən qanım elə qaradır ki, heç cür özümə yer tapa bilmirəm. Üç il yarım birlikdə sevinib-qəmləndiyin tələbə yoldaşlarından ayrılmaq zarafatdır bəyəm? Amma neyləməli? Vəziyyət elədir ki, gərək mütləq yığışıb rayona qayıdam. Bu gün sonuncu dərs günümdür, gecə evə yola düşürəm. Mən auditoriyaya daxil olanda «təntənəli iclas» başlanır. Sən demə, hamı məni gözləyirmiş. İclasbaz Akif iclası açmaq üçün sözü özünə verir. Sonra isə boğazını arıtlayıb giriş sözü deyir:

Конец ознакомительного фрагмента.

Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.

Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.


    Ваша оценка произведения:

Популярные книги за неделю